Şeir · Azərbaycan
Barmağımı hansı günə aparsam,
Barmağımı hansı günə aparsam, Bu təqvimdə soyuq günü-qış günü.. Məcburam ki, qurşununa düzülüb, Yola verim, olan-qalan beş günü. Səmaların yeddi qatı elədim.. Minib -çapıb cıdır atı elədim, Hər gələnə ayaqaltı elədim, Yoxdu daha o sevginin baş günü.. Azıb qaldım, itib qaldım, yorum de.. Çatlamazmı həsrətindən gorum de, Tutub kimin yaxasından sorum de- Hanı mənim gözüm üstə qaş günü.. Nə ad qoyum mən bu dərdə İlahi, Oyat məni pərdə-pərdə İlahi, Hara baxsam bu şəhərdə, İlahi, Unudulmuş doğum günü-yaş günü. Heç olmasa bu səhəri sağ açaq, Matəminə iki qulac ağ açaq, Sinoptiklər deyirlər ki, yağacaq, Bu gün sənin gözlərinin yaş günü. Min-min işıq, min-min rəngdim içimdə, Dünya boyda bir ürəkdim içimdə, Min arzuya divar çəkdim içimdə, Heç olmadı ürəyimin daş günü..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/barmagimi-hansi-gune-aparsam/