Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Balaca oğluma...

Ayaz Arabaçı

Balaca oğluma...

İndidən Qarabağ dərdi çəkirsən, Qurbanam yarana,zədənə,oğlum. Bu xalqa məhəbbət,bu yurda sevgi, Çox baha oturdu dədənə,oğlum..

Gülü qoymadılar bağlara qalsın, Ahın dumanlara-dağlara qalsın, Bunun siyasəti ağlara qalsın, Nədə nə gəzirsən,nədə,nə oğlum.

Ağrı var içində ellər aparır, Sinəmi yaş boğur,sellər aparır.. Qərib ruhumuzu yellər aparır.. Hələ də Vətəndən-Vətənə oğlum.

Yoxdu ki,Allahı,imanı-dini, Kür kimi kükrəyir qəzəbi,kini, Körpə sinəndəki o saf sevgini, Nə bilər,nə bilər gədə,nə,oğlum..

Ya sıyrıl,ya da ki,qınında çürü, Canavar yemidi yiyəsiz sürü.. Sən öz haqq işinin dalınca yürü, Baxma hər peysərə,gödənə oğlum.

Qoru dəyərini qızıl pul kimi, Əzilmə,tapdanma qara qul kimi, Girmə hər deşiyə siçovul kimi, Çəkinmə heç nədən get önə,oğlum.

Saytda dərc olunub