Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Axır ki, gəmitək oturdum saya,

Ayaz Arabaçı

Axır ki, gəmitək oturdum saya, Bu da bir ömürdür dənizdən çaya, Ömrümü saata, həftəyə, aya, İllərə bölməklə yola verirəm.

Bu ruh da, bu can da aniliyimdi, Vaxtı öldürməyim caniliyimdi, Bildiyim tək bir şey faniliyimdi, Mən bunu bilməklə yola verirəm.

Min-min dərd keçirib yaxamı ələ, Hanı o loğman ki, uzaqdan gələ, Bir az ona görə sağam ki, hələ, Hər günü ölməklə yola verirəm.

Baxma ki, dünyada qan-qadalar var, İsti bir sözümdə çox nidalar var, Getməyin içində əlvidalar var, Getməyi gəlməklə yola verirəm.

Yarəb, bu nə efir, nə mediadı, Sevincin yolunu qəmə dayadı, Gördüyüm nə varsa komediyadı, Dünyanı gülməklə yola verirəm.

Saytda dərc olunub