Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Arada başımı gicəlləndirən,

Ayaz Arabaçı

Arada başımı gicəlləndirən, Şöhrət təzyiqidi, şan təzyiqidi.. Həkimlər ciddiyə almırlar ancaq, Baxıb deyirlər ki, qan təzyiqidi.

Başını gizlicə bulayır ledi, Yəni ki, xəlvətdə görən nə yedi?.. Gözümdə sayrışan ulduzlar dedi: -Səndə sübh çağının dan təzyiqidi.

Qəfil cəllad kimi pis gələ bilir, Gözümə bir ağır sis gələ bilir, Belə ki, anidən yüksələ bilir, Deməli bir şirin an təzyiqidi.

Əllərim bumbuzdu qışın qarından, Sifətim əyilib naxışlarından, Bəlkə də bir qızın baxışlarından, Qopan can yanğısı, can təzyiqidi.

Bilmirəm nədənsə gətirdim dilə, Heç rəva görməsin allahım, filə Belə ki, yazıram, vahimə ilə, Bu hələ qəlbimin yan təzyiqidi.

Məlhəmi, dərmanı sonsuz, ötüşmür, Adi bir günüm də onsuz ötüşmür, 250 - dən aşağı düşmür, Ağa təzyiqidi, xan təzyiqidi..

Saytda dərc olunub