Şeir · Azərbaycan
Açıq idi qapın-bacan, pəncərən,
Açıq idi qapın-bacan, pəncərən, Gəldim-getdim,qorxun-hədən olmadı.. Ünvanımı ürəyinə köçürdüm, Ürəyimdə başqa vətən olmadı..
Baxışları utancağım, həyalım, Qədəmləri mübarəkim, sayalım, Yanındaydı bütün günü xəyalım, Deyirsən ki, gəlib-gedən olmadı..
Bələmirəm sözlərimi sədəfə.. Sadəcə sən düz atmırsan hədəfə, İçib getdim yadımdadı bir dəfə, Ayrı səbəb,ayrı nədən olmadı..
Böyüsə də,uzansa da ərzimiz, Birdən-birə alt-üst oldu tərzimiz, Bu eşqi də dar tikmişdi dərzimiz, Bu sevgi də böyükbədən olmadı.
Lap qoy olsun Allah andın-din andın, İndən belə nə xeyri var min andın, Kim nə dedi tez-tələsik inandın, Düşünməyə vaxtın-vədən olmadı..
Danışmıram bir dilbilməz lalla,ha.. Unudaram,vallahamı-vallaha.. Mən ağrıdım səsim çıxdı Allaha, Sənin məndən yaran-zədən olmadı.
Çox azalıb ürəyimin qidası.. Əlindədi ayrılığın nidası, Bu dəfəki əlvidanın vidası, Çox şükür ki, "ki"dən, "və" dən olmadı.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/aciq-idi-qapin-bacan-penceren/